Nişan mərasimində hədiyyə olunmuş qızıl-zinət əşyalarının toy baş tutmadığı halda geri tələb edilməsi
0
Sevimlilərə əlavə et
“X” adlı şəxs nişanı qaytardıqdan sonra məhkəməyə müraciət edərək keçmiş nişanlısından ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını (qızıl-zinət əşyaları ilə bağlı hissədə) təmin etsə də, apellyasiya instansiyası qızıl-zinət əşyalarını toy hədiyyəsi kimi bağışlama olaraq qəbul etmişdir.
Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki:
…nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur.
Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, yuxarıda göstərilən qənaətə gələrkən toyun baş tutmaması halını nəzərə almamışdır.
Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızıl-zinət əşyalarını əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
Kateqoriya | Ailə hüququ |
Yerləşdirildi | 3 gün öncə |
İzlənib | 15 dəfə |
Teqlər
nisan bosanma qizil nisan hediyyeleri evlilik
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.