4/4
Sevimlilərə əlavə et
Arvad işləyirsə məhkəmələr keçmiş arvadın “ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində” alimentin ödənilməsi barədə iddiasını hər bir halda təmin etməməlidirlər. Niyə görə?
Aliment ehtiyacdan irəli gələn, #qanunla tərəflərin həmin ehtiyacın aradan qaldırılması üçün müəyyən etdiyi anlayışdır. Mahiyyətinə görə “qidalanma” anlamını verir. Ailə Məcəlləsinin 85-ci maddəsi keçmiş arvadın aliment almaq hüququnu keçmiş arvad olduğuna görə deyil, ana olduğuna görə təsbit edib. Belə ki, məcəlləşdirilən aktların əsas xüsusiyyəti münasibətləri, həmin münasibətlərin növündən asılı olaraq tənzimləməsidir. Ailə Məcəlləsinin 84-cü maddəsinin tələbi baxımından “ər-arvadın bir-birini saxlamaq vəzifəsinin” olması, keçmiş ər-ərvadın bir-birini saxlamaq vəzifəsi olması demək deyildir. Birinci ailə münasibətidir, ikincisi qeyri-ailə münasibətidir. Ona görə də, Ailə Məcəlləsinin 85-ci maddəsinin tələblərinə əsasən keçmiş “ər-arvadın bir-birini saxlamaq vəzifəsi” ilə bağlı məhkəmələrin verdiyi şərhlər qanuni deyildir. Məhkəmənin şərhi, qanunun tələblərindən üstün ola və ya onun tələblərini aşa bilməz.
Keçmiş arvadın aliment almaq hüququ mütləq hüquq deyildir. Qanunlara qaydalar daxil edilərkən, nizamlanan münasibətin növünə görə (uşaqmı? Yoxsa keçmiş arvadın?) imkanlar tanıyır. Uşağa tanınmış imkan mütləq, keçmiş arvada tanınmış imkan isə mütləq deyildir. Uşağın saxlanması, saxlamağa yönəlmiş heç bir şeydən asılı deyildir. Ona görə də, qanunverici valideynin üzərinə uşağın saxlaması vəzifəsini qoyub. Ona görə vəzifə qoyub ki, vəzifə qoyulan subyekt üçün məcburi nəticələr doğrusun. Keçmiş ərə isə belə vəzifələr qoyulmayıb. Çünki, keçmiş arvadın aliment almaq hüququ həmin Ailə Məcəlləsindən irəli gəlir. Ərin aliment ödəmək vəzifəsi birbaşa Ailə Məcəlləsindən irəli gəlmir. Çünki, keçmiş ərin aliment vəzifəsinin yaranıb-yaranmamasını məhkəmə müəyyən etməlidir. Vəzifənin müəyyən edilməsi, vəzifənin yaranması deməkdir deyildir. Ona görə də, qanunverici alimentin keçmiş ərdən tutulmasını deyil, keçmiş əldən tələb edilməsini qabaqcadan müəyyən etmişdir. Tələb etmək hüququ, malik olmaq hüququ ehtiva etmir. Qanunverici tərəfindən keçmiş arvada tələb etmək hüququnun olmasının tanınması, məhkəmələrə imkan vermir ki, keçmiş ərin üzərinə həmin tələb etmək hüququna əsasən aliment ödənilməsi vəzifəsini qoysun.
İkincisi, qanunverici tərəfindən alimentin ödənilməsi barədə keçmiş arvadın tələbinin təmin edilməsi üçün keçmiş ərin zəruri vəsaitə malik olmasını təsbit edib. Belə bir vəsait yoxdursa, tələb təmin edilə bilməz.
Üçüncüsü, keçmiş arvadın tələbi uşağın saxlanması vəzifəsinin icrasına görədir. Saxlamaq yalnız maddi mənada anlanılmamalıdır. Ana işləyirsə, uşağa lazımı qayğı və diqqət göstərmədiyi və ya göstərə bilməyəcəyi müəyyən edilərsə, alimentin məbləği aşağı həddə tutulmalıdır.
Dördüncüsü, ata ümumi uşaqlarını özü saxlamaq (əgər anası ilə saxlanması barədə qətnamə çıxarılıbsa, axşamlar evə qaytarılmaq şərti ilə) istəyirsə, ona ata qayğısı və diqqəti göstərməsi istəyinin əsaslı olması müəyyən edilərsə, keçmiş arvadın aliment almaq barədə tələbi rədd edilməlidir.
Hesab edirik ki, məhkəmə qətnamələri qəbul edilərkən göstərilən hallar nəzərə alınmalıdır.
Kateqoriya | Ailə hüququ |
Yerləşdirildi | 5 gün öncə |
İzlənib | 6 dəfə |
Teqlər
aliment bosanma nikah kecmis arvad
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.