Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Şantaj nədir və məsuliyyəti nədən ibarətdir?

0

  • Şantaj - şəxs üzərində zor göstərmə, haqqında rüsvayedici məlumatlar yayma və əmlakı tələf etmə hədəsi ilə özgənin əmlakını tələb etmədir. İnternet və digər mənbələrdə rastlaşdığımız və daha çox şantaj adıyla hallanan bu əməl cinayət məcəlləsində hədə-qorxu ilə tələb etmə adlanır. Hədə-qorxu ilə tələb etmə cinayətləri günümüzdə texnologiyanın inkişafıyla əlaqədar olaraq internet resursları üzərindən də yayğın şəkildə törədilir. Əsasən elektron cihazınızdan xüsusi proqramlar vasitəsilə müəyyən məlumatları ələ keçirmək və ya saxta hesablar və süni intellekt vasitəsiylə şəxslərdən intim görüntülərinin əldə edilməsi üsulları bu cinayət əməlinin törədilməsində istifadə olunur.

    Cinayət Məcəlləsinin 182-ci maddəsində bu cinayət əməli təsbit olunmuşdur:

    182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cinayətin obyektini əmlak, əmlaka olan hüquq, zərərçəkmişin şəxsiyyəti və sağlamlığı təşkil edir. Cinayətin obyekti əmlak olduqda burada əşyanın, əmlaka dair hüquqlar olduqda da isə mülkiyyət, sahiblik və s. hüquqların tələb olunmasından bəhs olunur. Əmlak xarakteri daşıyan digər hərəkətlərə isə şəxsin xeyrinə güzəştlərin edilməsi, adi halda maddi qarşılığı olan işin təmənnasız həyata keçirilməsi və s. Təqsirkarın -cinayəti törətməkdə şübhəli bilinən şəxsin niyyəti bilavasitə əmlak xarakterlidir. Şəxsiyyətin sağlamlığı və şərəfi isə cinayətin ikinci dərəcəli obyekti hesab olunur. Bu isə maddədə zor göstərmə və rüsvayedici məlumatlar yaymaq ifadələriylə təsbit olunur. Zor göstərmə dedikdə, zərərçəkmiş şəxsə fiziki ağrılar yetirməkdən, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulmasından bəhs olunur.

    Bu cinayət əməli iki əsas əlamətlə xarakterizə olunur- tələb və tələblə əlaqəli hədəylə. Yəni:

    1. Əmlakı, əmlaka dair hüququ və əmlak xarakteri daşıyan digər hərəkətləri tələb etmək
    2. Şəxs üzərində zor göstərmə, haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etməylə hədələmək


    Lakin, bəzi hallarda əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə  əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Bu hal da təhlil olunan cinayət əməlinə aiddir.

    Hədə-qorxu ilə tələb etmə cinayətində hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu ilə tələb etmə cinayəti özündə hədənin aşağıdakı növlərini ehtiva edir:

    1. Güc tətbiqi ilə hədələmə;
    2. Özgənin əmlakının tələf edilməsi ilə hədələmə;
    3. Zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə.


    Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Bu əməldə təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Qeyd edim ki, bu cinayət hədənin zərərçəkmiş şəxsə çatdığı andan törədilmiş sayılır. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir.

    Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə hər hansı yolla çatdırılmasıdır. Buraya şəxsin törətdiyi hüquq pozuntuları barədə, intim həyatı ilə bağlı məlumatlar daxildir. Rüsvayedici məlumatlar dedikdə burada onun həqiqət olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi yalnız zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır.

    Cinayətin subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Hədə-qorxu ilə tələb etmə cinayətinin ağırlılıq dərəcəsi həm də əldə edilməsi nəzərdə tutulan əmlakın miqdarına görə dəyişir.


    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaCinayət hüququ
    Yerləşdirildi2 gün öncə
    İzlənib24 dəfə
    Teqlər
    santaj hede paylasmaq cinayet 182
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.